Maqnetik rezonans tomoqrafiya (MRT) və autizm


Autizm diaqnozu beyinin tomoqrafiyası vasitəsilə deyil, insanın davranışları və başqaları ilə ünsiyyəti müşahidə edilərək qoyulur. Ancaq bununla belə tədqiqatçılar autizmli şəxslərin fərqli qavramasını anlamaq üçün beyində ipucları axtarırlar.

İyirmi ildən çoxdur ki, tədqiqatçılar autizmli şəxslərə xas ola bilən beyin xüsusiyyətlərini tapmağa çalışırlar. Ancaq tədqiqatlar əksər hallarda ziddiyyətli nəticələr verir. Bu ziddiyyət tədqiqat iştirakçılarının fərqli yaş qruplarından olması və müxtəlif intellektual səviyyədə (İQ səviyyəsi) olmasından irəli gələ bilər. Bundan başqa, əvvəllər aparılmış tədiqatlar əsasən müəyyən bir beyin bölgəsindəki yalnız bir xüsusiyyətə yönəlirdi. Ancaq çox güman ki, autizm daha çox beyin bölgəsi və xüsusiyyətlərindən yaranan bir spektr pozuntusudur.

Almaniyanın Göte Universitetinin professoru Krinsrin Ekerin rəhbərliyi ilə aparılan mötəbər tədqiqatların birində autizmli olan və olmayan şəxslərin beyinlərini bir-birindən fərqləndirmək üçün "dəstək vektor cihazı" (DVC) adlandırılan bir alətdən istifadə edilib. DVC əldə edilən məlumatlarda (data) oxşar elementləri müəyyən edən süni intellekt alətidir. Bu alət fərqlilikləri yüksək həssaslıqla müəyyənləşdirməyə qadirdir.

Tədqiqat zamanı alimlər beyinin boz maddəsinin qalınlığı, sahəsi, qatlanma forması və s. amillər nəzərə alınmaqla hər iki beyin yarım kürəsinə diqqət yönəldiblər. Tədqiqata 20 autizmli və 20 tipik inkişafa malik yetkin şəxslər cəlb edilib. Tədqiqat zamanı iştirakçılardan 2 nəfər istisna olmaqla digərlərinin beyin fəaliyyəti DVC vasitəsilə nəzərdən keçirilib və hansı qrupa (autizmli, yoxsa tipik insan) aid olduğu tapılmağa cəld göstərilib.

Nəticələr ümidverici olub. Belə ki beyinin sol yarımkürəsindəki bütün xüsusiyyətləri nəzərdən keçirən DVC aləti iştirakçıların autizmli və ya tipik inkişaflı olduğunu 85%-lik dəqiqliklə müəyyən edə bilib. Hər bir iştirakçının beyin xüsusiyyətli təhlil edilərkən, sol yarımkürədəki kortikal boz maddənin qalınlığı daha dəqiq diaqnoz qoymağa imkan verən amil kimi çıxış edib.

Diqqət çatışmazlığı və hiperaktivlik sindromu olan bir qrup şəxs üzərində də eyni metod əsasında tədqiqat aparıb və iştirakçıların çoxunda autizmli şəxslərdən fərqli olan əlamətlər tapılıb.

Ancaq bununla belə bu alət mükəmməl hesab edilmir. Nəticədən əmin olmaq üçün daha geniş spektrdən olan və fərqli yaş qruplarından olan şəxslər tədqiqata cəlb edilməlidir. Sözügedən tədqiqat istifadə olunan alətin yaşdan asılı olaraq fərqli nəticə verə biləcəyini də müəyyən edib. Belə ki gənc autizmli şəxslər tipik inkişafa malik şəxslərdən fərqli olaraq daha incə korteks bölgəyə malikdirlər.

Bundan başqa, tədqiqat belə qənaətə gəlməyə əsas verir ki, yeni alət autizm əlamətlərinin dərəcəsini də müəyyən etməyə qadirdir. Çünki sosiallaşma və ünsiyyət bacarıqları daha az olan autizmli şəxslər alət tərəfindən daha tez fərqləndilib. Bu da onu deməyə əsas verir ki, alət yalnız autizmi deyil, həmçinin onun dərəcəsini də təyin etməyi bacarır.

DVC alətinin etibarlılığı o zaman təsdiqlənəcək ki, o, ciddi autizm əlamətlərinə malik olan, ancaq autizmli olmayan şəxsləri digər tipik insanlardan fərqləndirə bilsin. Autizm əlamətləri autizm diaqnozu qoyulmayan bir çox insanda da mövcud olan bir spektr hesab edilir. Bu mənada həqiqətən autizmi olan və autizmi olmayan (əlamətləri daşısa belə) insanları bir-birindən ayırd edə bilmək bacarığı aləti daha etibarlı edə bilər.

Bu texnoloji yenilik heyrətləndirici nəticələr versə də, alətin autizm diaqnozunda birmənalı surətdə istifadə olunacağını hələ zaman göstərəcək. Sözügedən tədqiqat autizmli şəxslərin beynini xətirələndirmək üçün yeni perspektiv təklif etsə də, bu işin nə qədər çətin olduğunu da göstərdi. Bu cür elmi tədqiqatların nəticələrini klinik sahədə tətbiq etmək üçün hələ çox işlər görülməlidir. Ancaq bu cür elmi araşdırmalar autizmi daha yaxşı tanımağımıza imkan yaradır.


 

Mənbə : The Journal of Neuroscience