Portal Haqqqında

    Autizm Portalı Bp Azərbaycan şirkəti və tərəfdaşlarının Birgə və Sağlam İctimai Birliyi ilə birlikdə həyata keçirdiyi “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” adlı  sosial layihə çərçivəsində hazırlanmışdır. Layihənin əsas məqsədi autizm sahəsində beynəlxalq təcrübənin və standartların Azərbaycana gətirilməsindən ibarətdir. Autizmli uşaqların həyat kefiyyətinin artırılaraq onların cəmiyyətə, təhsil, peşə və ailə həyatlarına inteqrasiyasını sürətləndirmək məqsədi ilə həyata keçirilən bu layihənin əsas istiqamətləri;
Autizm sahəsində beynəlxalq səviyyədə bilinən standartların və müdaxilə metodlarının Azərbaycana transferi, autizmli uşaqlarla işləyəcək 55 mütəxəssisin beynəlxalq ekspertlərin iştirakı və  beynəlxalq proqramlara uyğun olaraq hazırlığı, Autizm Portalının hazırlanması, Autizm sahəsində istifadə olunacaq vəsaitin hazırlanaraq çap edilməsindən ibarətdir. Layihənin mühim tərkib hissələrindən biri olan Autizm Portalının əsas məqsədi isə bu sahədə fəaliyyət göstərən mütəxəssislərə və autizmli övlada sahib valideynlərə dəstək olmaq, onların bilik və bacarıqlarının artmasına köməklik göstərməkdir. Portal eyni zamanda başda auitzmli olmaqla, daun sondromlu, ümumi inkişaf geriliyi diaqnozu qoyulan uşaqlara sahib ailələrə övladlarının əsas dil və öyrənmə bacarıqlarını öz evlərində inkişaf etdirmə fürsəti təklif edir. Belə uşaqlara sahib ailələrin tez tez soruşduqları suallardan biri  hardan başlamalıyam sualıdır. Müəyyən səbəblərdən təlim və reabilitasiya imkanları əldə edəbilməyən ailələr portal vasitəsi ilə ən düzgün cavabı tapacaqlar.

    Bu portal, ailələrə mürəkkəb təlim sisteminin sadələşdirilmiş versiyasını təqdim edir. Bununla yanaşı övladı yeni autizm diqanozu alan və ya danışıqla əlaqədar müəyyən çətinliyi olan fərdlərə faydalı məlumatlar təmin etməkdədir. Praktik və asan istifadə oluna bilən Autizm Portalında yer alan məlumatlar ümumilikdə bu sahədə Azərbaycan dilində məhdud olan resursların daha rahat əldə edilməsinə imkan verəcəkdir. Portalın autizm haqqındakı hissəsində “Autizm nədir?” sualına cavab verilməklə bərabər müxtəlif  video materiallar və yazılı məlumatlar vasitəsi ilə istifadəçilərə bu istiqamətdə ətraflı informasiyalar verilməkdədir. Təlim proqramları hissəsində yer alan materiallar isə autizmli uşaqlara müəyyən bacarıqların daha praktik şəkildə öyrədilməsinə dəstək olacaqdır. 10 proqramdan ibarət olan bu materialların əsas üstünlüyü isə görüntülü və yazılı məlumatların eyni zamanda təqdim olmasından ibarətdir. Bu hissədəki proqramlar aşağıdakı mövzuları əhatə edəcəkdir.

    • Proqram 1: Uşaqlara onların ehtiyac hissetdikləri bacarıqları öyrətmək üçün hazırlanın

    • Proqram 2: Uşaqlara istək bildirməyi öyrətmək

    • Proqram 3: Uşaqlara adına reaksiya verməyi və sadə təlimatları yerinə yetirməyi öyrətmək

    • Proqram 4: Uşaqlara  ətrafındakı əşyaları tanımağı öyrətmək

    • Proqram 5: Uşaqlara insanların hərəkətlərini təqlid etməyi öyrətmək

    • Proqram 6: Uşaqlara eyni əşyaları eyniləşdirməyi və sinifləndirməyi öyrətmək

    • Proqram 7: Uşaqlara üz hərəkətlərini, üz ifadələrini və sözləri təqlid etməyi öyrətmək

    • Proqram 8: Uşaqlara əşyaların adlarını öyrətmək

    • Proqram 9: Uşaqlara sadə suallara cavab verməyi  öyrətmək

    • Proqram 10: Uşaqlara tualet bacarıqlarını öyrətmək

    Portalın “Tez-Tez Soruşulan Suallar” bölməsində isə autizm sahəsində işləyən  mütəxəssisləri və uşaqların ailələrini maraqlandıran əsas suallar qeyd olunmaqla bərabər, hazırlanan sorğu forması vasitəsi ilə də autizm sahəsində müxtəlif suallara aydınlıq gətirilməsi planlanmaqdadır. Faydalı vəsaitlər hissəsində isə, Azərbaycan dilində hazırlanmış kitablar təqdim olunmaqdadır. Daimi olaraq yenilənməsi və inkişaf etdirilməsi nəzərdə tutulan Autizm Portalının yuxarıda qeyd olunan istiqamətlərlə birlikdə cəmiyyətimizin də autizm sahəsində maariflənməsinə xidmət edərək istifadəçilərə faydalı olması arzu edilir.

Bütün bunlarla yanaşı portalın ümumi məzmununda, burada istifadə olunan fikir və mülahizələrə görə BP Azərbaycan və tərəfdaşları məsuliyyət daşımır