2 Aprel Dünya Autizm Maarifləndirmə Günü Bakı Maviyə boyandı!


Aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb.

Aprelin 2-ni ixtisaslaşmış dövlət və ictimai təşkilatlar autizmlə bağlı məlumatların yayılmasına, məsələn, mühazirələrin keçirilməsinə və ya bukletlərin nəşrinə həsr edirlər. Həmçinin hər il müəyyən mövzuya həsr olunan gün çərçivəsində autizmli insanların qəyyumluq, müstəqillik və hüquq qabiliyyəti məsələləri ilə bağlı strategiya və yanaşmaların müzakirəsi məqsədilə konfranslar keçirilir.

“Birgə və Sağlam” İctimai Birlik dövlətin bu istiqamətdə gördüyü işlərə dəstək məqsədilə autizm spektr pozuntusu olan şəxslərin təhsili, cəmiyyətə inteqrasiyası, ailələrin dəstəklənməsi və ictimaiyyətin maarifləndirilməsi sahəsində daim tədbirlər keçirir. İndiyədək bir sıra dövlət və özəl qurumların dəstəyi ilə bir çox maarifləndirmə tədbirləri həyata keçirilib. Həmin tədbirlər autizmin simvolik ayı hesab olunan apreldə daha intensiv şəkildə olur. Bu il də ictimai birlik ənənəyə sadiq qalaraq aprel ayını bir sıra tədbirlərlə qeyd edəcək.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-ın “Autism Speaks” təşkilatı tərəfindən başladılan və indiyədək 6 qitə, 136 ölkə və 600 şəhərdə icra edilən “Mavi işıqla işıqlandır” (Light It Up Blue) layihəsinə Azərbaycan da ən yüksək səviyyədə dəstəyi ilə qoşulub. Bu il də bu layihənin reallaşmasında təşkilata Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi, Regional İnkişaf İctimai Birliyi dəstək verir. Layihə çərçivəsində Bakının görkəmli inşaat obyektləri və memarlıq abidələri mavi rənglə işıqlandırılaraq cəmiyyətə çağırış edilir. Ötən illərdə olduğu kimi aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal”, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi kimi obyektlər və memarlıq abidələri mavi rənglə işıqlandırılıb.

Ətraflı məlumat üçün link linkə keçid edə bilərsiniz.